2023-cü ilin noyabr ayında dünya ərzaq qiymətləri 2022-ci ilin noyabr ayı ilə müqayisədə 10,7 faiz azalıb. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesablamalarına əsasən yenidən işlənmiş oktyabr səviyyəsi ilə müqayisədə isə noyabrda ərzaq qiymətləri indeksi dəyişməyərək 120,4 bal təşkil edib.
Qurumun hesabatına əsasən, taxılın qiymət indeksi oktyabr ayı səviyyəsindən 3 faiz, ötən ilin rekord dəyərindən isə 19,4 faiz aşağı olub. Yem taxıllarının dünya qiymətləri ay ərzində ən əhəmiyyətli dərəcədə - 5,6 faiz azalıb ki, bu da ilk növbədə qarğıdalının dünya qiymətlərinin kəskin azalması ilə əlaqədar olub. Bitki yağının qiymət indeksi üç aylıq davamlı enişdən sonra oktyabr ayı ilə müqayisədə 3,4 faiz artıb. Bu, xurma və günəbaxan yağlarının dünya qiymətlərinin artması ilə bağlıdır ki, bu da soya və kolza yağlarının ucuzlaşmasını daha çox kompensasiya edib. Noyabrda süd məhsullarının qiymət indeksi oktyabr ayı ilə müqayisədə 2,2 faiz artıb. Artım ikinci aydır ki, davam edir. Lakin illik ifadədə qiymətlər 16,9 faiz azalıb. FAO bildirir ki, noyabr ayında kərə yağı və yağsız südün qlobal kotirovkalarında artım qeydə alınıb ki, bu da Şimal-Şərqi Asiya ölkələrindən yüksək idxal tələbi, məhdud tədarük və Qərbi Avropada qış tətili ərəfəsində daxili tələbatın artması ilə əlaqədardır. Ötən ay ətin qiymət indeksi oktyabr ayı ilə müqayisədə 0,4 faiz, keçən ilin noyabr ayı ilə müqayisədə isə 2,4 faiz aşağı olub. Bu rəqəmlər quş əti, donuz əti və mal ətinin qiymətlərində cüzi enişi əks etdirir.
Noyabrda şəkərin qiymət indeksi oktyabr ayı ilə müqayisədə 1,4 faiz, illik ifadədə isə 41,1 faiz artıb. Noyabr ayında qeydə alınan şəkər qiymətlərindəki artım, daha çox əsas ixracatçılar olan Tailand və Hindistanda məhsul perspektivlərinin pisləşməsi fonunda bu mövsüm qlobal ixrac təklifinin azalması ilə bağlı artan narahatlıqlarla əlaqədardır.
Qeyd edək ki, FAO-nun Ərzaq Qiymətləri İndeksi beş əsas ərzaq əmtəə qrupu üzrə beynəlxalq qiymətlərin dinamikasını izləyən orta çəkili göstəricidir.
Bəs görəsən, inflyasiya ilə bağlı Azərbaycanda vəziyyət necədir? Qlobal ərzaq bazarında qiymətlərin sabitləşməsi Azərbaycana təsir göstəribmi? Gələn il ölkəmizdə inflyasiya hansı səviyyədə gözlənilir?
Qeyd edək ki, qlobal ərzaq bazarında müşahidə olunan qiymət azalması Azərbaycan bazarında da özünü göstərir. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-noyabr aylarında Azərbaycanda istehlak qiymətləri indeksi 2022-ci ilin eyni dövrünə nisbətən 109,4 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 110,4 faiz, qeyri-ərzaq məhsulları üzrə 108,9 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 108,6 faiz təşkil edib. Məlumata görə, noyabrda isə istehlak qiymətləri indeksi oktyabrla müqayisədə 99,8 faiz, ötən ilin noyabr ayına nisbətən 102,6 faiz olub.
Ötən ay ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 99,6 faiz, 2022-ci ilin noyabr ayına nisbətən 101,5 faiz təşkil edib. Ayrı-ayrı ərzaq məhsullarından daha çox azalma çörəyin, qarabaşaq və manna yarmasının, mal, qoyun və toyuq ətinin, təzə balığın, süfrə marqarininin, qarğıdalı və günəbaxan yağlarının, naringinin, portağalın, limonun, almanın, heyvanın, narın, xurmanın, kivinin, kələmin, balqabağın, yerkökünün, çuğundurun, soğanın, kartofun, şəkər tozunun, artım isə əsasən pasterizə olunmamış üzlü südün, yoqurtun, yumurtanın, zeytun yağının, bananın, üzümün, xiyarın, pomidorun, sarımsağın, şəkərin, qəhvənin, meyvə şirəsinin qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Noyabrda qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi sentyabrla müqayisədə 100 faiz, ötən ilin eyni dövrünə nisbətən 103,1 faiz olub. Ötən ay əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 99,9 faiz, ötən ilin noyabr ayına nisbətən 104 faiz təşkil edib. Əhaliyə göstərilmiş ödənişli xidmətlərdən azalma əsasən hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində, artım isə mənzillərin icarə haqlarında müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Ümumilikdə isə Dövlət Statistika Komitəsinin (DSK) açıqladığı məlumatlara əsasən, Azərbaycanda inflyasiya təkrəqəmli səviyyəyə düşüb. Belə ki, 2023-cü ilin yanvar-noyabr ayları ərzində qeydə alınan qiymət səviyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 9,4 faiz yüksək olub. Bundan öncəki ayda dövrü inflyasiya 10,2 faiz idi.
Xatırladaq ki, ölkəmizdə 2022-ci ilin yanvarından ikirəqəmli inflyasiya müşahidə edilirdi. Ölkəmizdə 22 ay ərzində ikirəqəmli inflyasiya baş verdi. İkirəqəmli inflyasiya ilk dəfə ötən ilin yanvarında qeydə alınmışdı. Həmin tarixdə dövrü inflyasiya 12,5 faizə yüksəldi. Sonrakı aylarda inflyasiyanın sürətlənməsi davam etdi və dövrü inflyasiya bu ilin yanvar-fevralında 13,9 faizə çatdı. 2023-cü ilin martından başlayaraq dövrü inflyasiyanın sürəti azalır. Azalmanın səbəbi illik inflyasiya sürətinin zəifləməsidir. DSK-nın məlumatına görə bu ilin noyabrında illik inflyasiya 2,6 faizə enib ki, bu da olduqca əlverişli göstəricidir.
Mövzu ilə bağlı iqtisadçı-ekspert Rəşad Həsənov bildirib ki, son bir neçə ay ərzində ərzaq məhsullarında ucuzlaşma müşahidə olunur: “BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesabatlarına baxsaq, görərik ki, son, xüsusilə də bir neçə ay ərzində ərzaq qiymətləri azalmaqda davam edir. Düzdür, bəzi məhsulların, məsələn, şəkər tozunun qiymətində müəyyən mənada artım oldu. Lakin bitki yağı, kərə yağı, taxıl məhsullarının və un məmulatlarının qiymətində azalmalar oldu. Və hələ də davam edir”.
R.Həsənov qeyd edib ki, 2024-cü ildə Azərbaycanda iqtisadi artım tempi zəif olacaq: “Bu, əksər beynəlxalq təşkilatların da proqnozlarında əksini tapıb. Bu baxımdan, xüsusi sıçrayışlı nələrsə gözlənilən deyil. İqtisadi artım turizm, nəqliyyat, rabitə, tikinti sektorunda, emal sənayesində mümkündür. Bütövlükdə sənayedə azalma gözlənilir. İnflyasiya mərhələli şəkildə azalacaq. İlin ortalarına doğru 6-7 faiz ətrafında inflyasiya dinamikası müşahidə edə bilərik. Yəni, 2024-cü il üçün ümumi qənaət ondan ibarətdir ki, inflyasiya təzyiqləri 2023-cü illə müqayisədə zəifləyəcək”.
Məsələ ilə bağlı iqtisadçı-ekspert Xalid Kərimli deyib ki, Mərkəzi Bankın məlumatına görə qarşıdan gələn il inflyasiya göstəricisi 5.3-5.5 faiz olacaq: “Fitch Solutions"un məlumatına görə, Azərbaycanda 2024-cü ildə inflyasiya göstəricisi orta hesabla 7.5 faiz təşkil edəcək. Amma deyərdim ki, hökumətin proqnozunu daha əsaslı hesab edirəm. Ən azı bu proqnozlara nail olmaq üçün prosesin arxasında konkret planlar və bu istiqamətdə həyata keçirilən tədbirlər var. Beynəlxalq təşkilatlar isə sadəcə riyazi modellər əsasında hesablamalar aparır. Nəzərə alaq ki, dünyada da inflyasiya azalmağa doğru gedir. Azərbaycanda inflyasiyanın dəyişməsində dünyada baş verən proseslərin rolu önəmlidir. Çünki Azərbaycan iqtisadiyyatı istehlak mallarının, ərzaq mallarının əhəmiyyətli dərəcədə böyük hissəsini idxal etdiyinə və daxili istehsal mallarının da dəyər zəncirinin əhəmiyyətli hissəsi xaricdə olduğuna görə inflyasiya belə proseslərdən də müəyyən qədər asılıdır. Növbəti ildə idxal inflyasiyasının göstəricisi aşağı düşəcəyi üçün MB və hökumətin proqnozları real görünür".